LEQAL XƏBƏR məlumat verir ki, avqustun 24-dək səmada Perseid meteor yağışını müşahidə etmək mümkün olacaq. Meteor axınının maksimum aktivliyi isə avqustun 13-də Bakı vaxtı ilə saat 06:00-da qeydə alınacaq.
Məlumata görə, bu barədə Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrası məlumat yayıb.
Perseid meteor yağışı “109P/Swift-Tuttle” kometinin buraxdığı toz və kiçik daş hissəciklərinin Yer atmosferinə daxil olması nəticəsində yaranır. Atmosferə saniyədə təxminən 59 kilometr sürətlə daxil olan hissəciklər havanın müqaviməti nəticəsində qızaraq yanır və gecə səmasında parlaq işıq izləri – meteorlar əmələ gətirir.
Perseidlər yüksək intensivliyi, sürətli və parlaq meteorları ilə seçilir. Meteor axınının radiantı Persey bürcündə yerləşdiyi üçün bu axın Perseidlər adlanır.
Mütəxəssislərin bildirdiyinə görə, Perseid meteor yağışının maksimum intensivliyi ideal şəraitdə saatda təxminən 150 meteor təşkil edə bilər. Bakıdan isə hava şəraiti əlverişli olduğu halda saatda təxminən 140 meteor müşahidə etmək mümkündür.
Meteor yağışını izləmək üçün teleskop və ya binokl tələb olunmur. Ən yaxşı müşahidə üçün şəhər işıqlarından uzaq və qaranlıq ərazi seçilməsi tövsiyə edilir. Xüsusilə avqustun 12-dən 13-nə keçən gecə və sübh saatlarında onlarla, hətta yüzdən çox meteor görmək mümkün olacaq.
2026-cı ildə Perseid meteor yağışının maksimumunun Yeni Ay fazasına təsadüf etməsi də müşahidələr üçün əlverişli şərait yaradacaq. Ay işığının olmaması səmanın daha qaranlıq görünməsinə və meteorların daha rahat müşahidə edilməsinə imkan verəcək.
Bu səbəbdən 2026-cı il Perseid meteor yağışı son illərin ən əlverişli müşahidə imkanlarından biri hesab olunur.![]()