Azərbaycanda mütəşəkkil cinayətkar dəstə halında fəaliyyət göstərməkdə ittiham olunan bir qrup şəxsin dövlət portalı vasitəsilə milyonlarla manat vəsaiti leqallaşdırdığı iddia olunur.
LEQAL XƏBƏR "Qafqazinfo"ya istinadən xəbər verir ki, çoxepizodlu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Kamil Əliyevin sədrliyi ilə baxılır.
İstintaq materiallarına əsasən, Çingiz Cəfərli, Azad Rəsulov, Şahin Mustafayev, Emin Hacıyev, Məhərrəm Hüseynov, Tural Qədirov, Anar Əhmədov, Vüsal Osmanov, Bəxtiyar Məmmədov, Xəyyam Hacıyev və Tərxan Şirinov yalançı sahibkarlıq subyektləri yaratmaqla 42 milyona yaxın vəsaiti leqallaşdırmaqda ittiham olunurlar.
İddialara görə, dəstənin rəhbəri Çingiz Cəfərli olub və bütün fəaliyyət vahid mərkəzdən idarə edilib. İstintaq müəyyən edib ki, qrup üzvləri 2021–2024-cü illərdə müxtəlif hüquqi və fiziki şəxslərin adından qeydiyyatdan keçərək Dövlət Vergi Xidmətinin elektron sistemi üzərindən saxta əməliyyatlar həyata keçiriblər.
Cinayət işi üzrə materiallarda qeyd olunur ki, mütəşəkkil dəstə Dövlət Vergi Xidmətinin www.e-taxes.gov.az portalında malların alqı-satqısı, xidmət göstərilməsi və iş görülməsi ilə bağlı 1 419 saxta elektron qaimə-faktura, bildiriş, müqavilə, təhvil-təslim aktı və digər sənədlər tərtib edərək informasiya resurslarına bilərəkdən yalan məlumatlar daxil edib.
İstintaqın hesablamalarına görə, bu üsulla ümumilikdə 41 milyon 818 min 630 manat 21 qəpik məbləğində maliyyə vəsaiti müxtəlif maliyyə əməliyyatları vasitəsilə leqallaşdırılıb.
Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin dələduzluq, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və vəzifə saxtakarlığı maddələri ilə yekun ittiham irəli sürülüb.
İş materiallarında qeyd edilir ki, Çingiz Cəfərlinin rəhbərlik etdiyi qrup bütün prosesləri Bakıda, metronun "20 Yanvar" stansiyası yaxınlığında yerləşən və nəzarətlərində olan yeməkxanadan idarə edib.
Cinayət işi üzrə onlarla zərərçəkmiş şəxs tanınıb. Onların əksəriyyətinin maddi imkanı zəif olan şəxslər, tələbələr, təqaüdçülər və narkotik asılılığından əziyyət çəkən şəxslər olduğu bildirilir.
İstintaqın məlumatına görə, qrup üzvləri işə düzəltmək vədi ilə həmin şəxslərin "Asan İmza"larından istifadə edərək onların adına yüzlərlə şirkət yaradıb, bu şirkətlər vasitəsilə milyonlarla manat vəsaiti nağdlaşdırıblar. Əvəzində isə həmin şəxslərə qısa müddət ərzində cüzi məbləğdə əməkhaqqı verilib, sonradan isə onlarla əlaqə kəsilib.
İş materiallarında qeyd olunur ki, yaradılmış şirkətlərin sayının 5-8 min arasında olduğu ehtimal edilir. Lakin istintaq yalnız onların bir hissəsini müəyyən edə bilib. Zərərçəkənlərin əksəriyyəti müxtəlif şirkətlərin rəhbəri və ya sahibi olduqlarını yalnız istintaqa çağırıldıqdan sonra öyrəndiklərini bildiriblər.
Cinayət işi üzrə növbəti məhkəmə iclasının iyulun 31-də keçirilməsi nəzərdə tutulur.![]()