ABŞ-nin Nyu-York ştatındakı məktəblərdən birində "Sally" adlı süni intellektlə işləyən robot müəllim köməkçisi kimi fəaliyyətə başlayacaq.
LEQAL XƏBƏR xəbər verir ki, insanabənzər robot Kanadanın "Realbotix" şirkəti tərəfindən hazırlanıb və Salamanka şəhərinin məktəb dairəsində yerləşən liseydə 11-12-ci sinif şagirdlərinin tədris prosesinə cəlb olunacaq.
Silikon dəriyə, uzun saçlara və hərəkət edən qollara malik olan "Sally" dərs zamanı jestlər edə bilir. Robot şagirdləri fərdi identifikasiya nömrələri vasitəsilə tanıyacaq, əvvəlki ünsiyyətləri yadda saxlayacaq və proqramlaşdırma, robototexnika, eləcə də süni intellekt mövzularının öyrənilməsində onlara dəstək göstərəcək.
Məktəb rəhbərliyi bildirib ki, "Sally" müəllimləri əvəz etməyəcək. Robotun əsas məqsədi şagirdlərin yeni texnologiyalara marağını artırmaq, dərslərdə keçilən mövzuları möhkəmləndirmək və onların tənqidi düşünmə bacarıqlarının inkişafına töhfə verməkdir.
Qeyd edək ki, "Sally"nin hazırlanmasına 57 min ABŞ dolları xərclənib. Bu məbləğin Nyu-York ştatında müəllimlərin orta illik əməkhaqqından aşağı olduğu bildirilir.![]()