Türkiyə futbolunun tanınmış simalarından olan Arda Turan gələcəkdə ölkə millisinin baş məşqçisi ola bilər.
Bu barədə Fransanın nüfuzlu "Foot Mercato" nəşri məlumat yayıb. Bildirilir ki, Türkiyə Futbol Federasiyası yığmanın gələcək perspektivlərini nəzərdən keçirərkən Arda Turanın namizədliyini də diqqətdə saxlayır.
Hazırda Ukraynanın "Şaxtyor" (Donetsk) klubuna rəhbərlik edən gənc mütəxəssis məşqçilik fəaliyyətində göstərdiyi nəticələrlə diqqət çəkməyi bacarıb. Futbolçu karyerasında Türkiyə millisinin aparıcı üzvlərindən biri olan Turan son illərdə məşqçi kimi də özünü təsdiqləməyə çalışır.
Məlumata görə, Türkiyə millisində gələcəkdə baş verə biləcək dəyişikliklər fonunda Arda Turanın adı ən real namizədlərdən biri kimi hallandırılır. Bununla belə, Türkiyə Futbol Federasiyası tərəfindən məsələ ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.
Qeyd edək ki, Arda Turan futbolçu karyerası ərzində "Qalatasaray", "Atletiko Madrid" və "Barselona" kimi nüfuzlu klubların formasını geyinib, Türkiyə millisinin kapitanlarından biri olub. Hazırda isə o, məşqçilik karyerasını Ukrayna nəhəngi "Şaxtyor"da davam etdirir.