LEQAL XƏBƏR məlumat verir ki, Avropada müşahidə olunan kəskin isti hava şəraiti nəticəsində azı 14 min nəfər həyatını itirib.
Məlumata görə, qiymətləndirmə istilərdən ən çox təsirlənən altı ölkə – Fransa, Belçika, Almaniya, Niderland, İspaniya və Böyük Britaniya üzrə ilkin ölüm statistikasına əsaslanıb.
Bildirilib ki, ən yüksək ölüm göstəricisi Almaniyada qeydə alınıb. Burada isti hava ilə əlaqəli təxminən 6,8 min nəfərin öldüyü qeyd olunur. Ən aşağı göstərici isə Niderland və İspaniyada müşahidə edilib. Hər iki ölkədə ölüm sayı min nəfərdən az olub.
Bundan əvvəl Avropa Ölüm Hallarının Monitorinqi Mərkəzi (EuroMOMO) 22–28 iyun tarixləri üzrə Avropa İttifaqının 27 üzv ölkəsində ümumilikdə 10,6 min artıq ölüm halının qeydə alındığını açıqlamışdı.
Qeyd olunub ki, bütün ölkələrdən yekun məlumatlar daxil olduqdan sonra bu rəqəmlərin dəyişməsi mümkündür.
Xatırladaq ki, iyunun ikinci yarısından etibarən Avropada anomal isti hava şəraiti müşahidə olunur. Qərbi Avropanın bir sıra ölkələrində havanın temperaturu 40 dərəcəni ötüb.