LEQAL XƏBƏR məlumat verir ki, Azərbaycanda regionlara turist səfərlərinin təşviq edilməsi məqsədilə həftəlik və aylıq dəmiryol bileti paketlərinin yaradılması nəzərdə tutulur.
Məlumata görə, bu, Prezident İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda əksini tapıb.
Proqram çərçivəsində regionlarda əsas turizm məntəqələrinin nəqliyyat əlçatanlığının və turizm informasiya xidmətlərinin təkmilləşdirilməsi, turist səfərlərinin təşkili və planlaşdırılmasını asanlaşdıran yeni mexanizmlərin tətbiqi nəzərdə tutulur.
Bununla yanaşı, regionlardakı əsas turizm məntəqələrinə keyfiyyətli avtomobil, avtobus və dəmiryol əlaqəsinin yaxşılaşdırılması planlaşdırılır.
Görüləcək tədbirlər sırasında Naxçıvan Muxtar Respublikasına turist səfərlərinin təşkili şərtlərinin təkmilləşdirilməsi və dəmiryol biletlərinin satış sisteminin Qlobal Paylama Sisteminə (GDS) inteqrasiyası da yer alıb.
Turistlər üçün gündəlik, həftəlik və aylıq dəmiryol bileti paketlərinin, həmçinin ayrı-ayrı destinasiyalar üzrə güzəştli bilet təkliflərinin yaradılması nəzərdə tutulur.
Bundan əlavə, regionlarda turizm informasiya xidmətlərinin genişləndirilməsi və turistlər üçün səyahətin daha rahat planlaşdırılmasına imkan verən mexanizmlərin tətbiqi planlaşdırılır.![]()