LEQAL XƏBƏR məlumat verir ki, Azərbaycanda turistlər üçün yeni “rəqəmsal səyyah” viza altnövünün təsis edilməsi nəzərdə tutulur.
Məlumata görə, bu, Prezident İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda əksini tapıb.
Proqram çərçivəsində yeni viza altnövünün yaradılması ilə bağlı beynəlxalq təcrübənin öyrənilməsi və Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə dəyişikliklərin edilməsi nəzərdə tutulur.
Bununla yanaşı, Azərbaycanda gəlmə turizmin inkişaf etdirilməsi məqsədilə bir sıra digər tədbirlər də həyata keçiriləcək.
Belə ki, vizasız gediş-gəliş tətbiq olunan ölkələrin sayının artırılması, çoxdəfəlik elektron vizaların verilməsi prosesinin təkmilləşdirilməsi və elektron viza rejiminin tətbiq edildiyi ölkələrin sayının genişləndirilməsi planlaşdırılır.
Həmçinin hava nəqliyyatı ilə sərnişindaşıma və turizm siyasətinin uzlaşdırılması mexanizmlərinin təkmilləşdirilməsi nəzərdə tutulub.
Dövlət Proqramında yeni viza imkanlarının tətbiqi ilə yanaşı, turizm siyasətinin ölkənin sosial-iqtisadi inkişafına töhfəsinin artırılması və turizmlə əlaqəli sahələrin inkişafı ilə bağlı tədbirlərin uzlaşdırılması da əsas istiqamətlərdən biri kimi göstərilib.![]()