Paytaxtın Nəsimi rayonu, Füzuli küçəsində skuter və velosiped idarə edən şəxslərin avtobus zolağında və yolun hərəkət hissəsində əks istiqamətdə hərəkət etməsi qeydə alınıb.
LEQAL XƏBƏR xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Bildirilib ki, qaydaları pozan şəxslər həm özlərinin, həm də digər hərəkət iştirakçılarının həyatını təhlükə altına ataraq qəza şəraiti yaradıblar.
NİİM xatırladıb ki, "Yol hərəkəti haqqında" Qanunun 46-1-ci maddəsinə əsasən, kiçik elektrik nəqliyyat vasitələrinin hərəkətinə park və həyət ərazilərində, yaşayış zonalarında, velosiped yollarında, eləcə də ümumi istifadədə olan avtomobil yollarında yol nişanları və nişanlanmanın tələblərinə riayət etməklə yolun sağ kənar zolağı ilə icazə verilir.
Qanunvericiliyə əsasən, ümumi istifadədə olan avtomobil yollarında sağ kənar zolaqdan başqa digər zolaqlarla hərəkət etmək, eləcə də velosiped yolu olduğu halda onun yanındakı avtomobil yolundan istifadə etmək qadağandır.
Mərkəz sürücülərə və digər yol hərəkəti iştirakçılarına qaydalara ciddi əməl etməyə çağırış edərək bildirib ki, yol hərəkəti qaydalarının pozulması ağır yol-nəqliyyat hadisələrinə səbəb ola bilər.![]()