Antalyada keçirilən COP31 İqlim Sammiti zamanı qarşısına baxmadan hərəkət edən xarici iştirakçılardan biri dekorativ hovuza düşüb.
Leqal Xəbər Türkiyə KİV-ə istinadən məlumat verir ki, hadisə sammiti işıqlandıran jurnalist Dilara Çelikin kamerasına düşüb.
Sosial şəbəkələrdə geniş yayılan görüntülərdə hadisənin necə baş verdiyi əks olunub. Belə ki, sammit ərazisindəki piyada yolu ilə hərəkət edən xarici qonaq qarşısındakı dekorativ hovuzu görməyib. O, addımını boşluğa ataraq tarazlığını itirib və suya düşüb.
Qısamüddətli çaşqınlıq yaşayan iştirakçı ətrafdakıların köməyi ilə sudan çıxarılıb. Onun xəsarət almadığı və səhhətinin yaxşı olduğu bildirilir.