Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində korrupsiya ilə mübarizə tədbirləri çərçivəsində 42 rəhbər vəzifəli şəxs intizam məsuliyyətinə cəlb edilib.
LEQAL XƏBƏR verir ki, bu barədə qurumun 2026-cı ilin II rübü üzrə korrupsiyaya qarşı mübarizəyə dair statistik hesabatında bildirilib.
Məlumata görə, 2 əməkdaş mənfi əsaslarla ehtiyata buraxılıb, 48 fakt üzrə 88 nəfər barəsində toplanmış materiallar isə prosessual qərar qəbul edilməsi üçün Baş Prokurorluğa göndərilib.
Qeyd olunub ki, son illərdə həyata keçirilən rəqəmsallaşma və elektron xidmətlərin genişləndirilməsi nəticəsində korrupsiya risklərinin azaldılması, şəffaflığın və hesabatlılığın artırılması istiqamətində mühüm nəticələr əldə olunub.
Bildirilib ki, hərbi xidmətlə bağlı bir sıra arayışlar, tibbi şəhadətləndirilmənin nəticələri və digər məlumatlar artıq "MyGov" platforması üzərindən vətəndaşlara elektron qaydada təqdim olunur. Bundan əlavə, hərbi xidmətdən yayınan şəxslərə qarşı məsuliyyət tədbirlərinin sərtləşdirildiyi və bu istiqamətdə hüquq-mühafizə orqanları ilə birgə tədbirlərin davam etdirildiyi vurğulanıb.