Bakı Apellyasiya Məhkəməsində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində törədildiyi bildirilən çoxsaylı ağır cinayətlərə görə məhkum olunmuş Ermənistan vətəndaşlarının apellyasiya şikayətləri üzrə məhkəmə baxışı davam etdirilib.
LEQAL XƏBƏR xəbər verir ki, məhkəmə prosesi Bakı Apellyasiya Məhkəməsinin hakimləri Elmar Rəhimovun sədrliyi, Emin Mehdiyev və Mehriban Qarayevanın iştirakı ilə keçirilib. Ehtiyat hakim qismində isə Əli Məmmədov iştirak edib.
İş üzrə apellyasiya şikayəti verən şəxslər arasında Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digər Ermənistan vətəndaşları yer alırlar.
Onlar Bakı Hərbi Məhkəməsinin hökmü ilə sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanun və qaydalarının pozulması, terrorçuluq, terrorçuluğun maliyyələşdirilməsi, hakimiyyətin zorla ələ keçirilməsi və digər ağır cinayətlərdə təqsirli bilinərək məhkum ediliblər.
Məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri erməni və rus dillərində tərcüməçi ilə təmin olunub. Onların müdafiə hüquqlarının təmin edilməsi məqsədilə vəkillərin iştirakı da təmin edilib.