LEQAL XƏBƏR məlumat verir ki, italiyalı baş məşqçi Vinçenso Alberto Annese FIFA-nın qərarından sonra Nepal Futbol Assosiasiyası (ANFA) ilə müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verib.
Sinqapur, Əlcəzair, İsveçrə və Mərakeş komandalarını çalışdırmış mütəxəssis bir neçə ay əvvəl avstraliyalı Mett Rossun gedişindən sonra Nepal millisinin baş məşqçisi təyin olunmuşdu. Annese bildirib ki, vəziyyəti hərtərəfli dəyərləndirdikdən sonra ANFA ilə müqavilənin ləğvi barədə ortaq qərara gəlib.
Xatırladaq ki, FIFA daha əvvəl Nepal millisini və ölkə klublarını beynəlxalq yarışlardan kənarlaşdırıb. Bununla yanaşı, ANFA FIFA üzvü kimi bütün hüquqlarını itirib və qurumun, eləcə də Asiya Futbol Konfederasiyasının (AFC) inkişaf proqramlarında, kurslarında və təlimlərində iştirak imkanından məhrum edilib.
FIFA-nın baş katibi Mattias Qrafströmün ANFA rəhbəri Kiran Rayaya ünvanladığı məktubda bildirilib ki, qərarın verilməsinə Milli İdman Şurası ilə futbol assosiasiyası arasında seçki prosesi ilə bağlı həll olunmamış münaqişə, nizamnamənin kobud şəkildə pozulması və seçkilərə üçüncü tərəflərin müdaxiləsi səbəb olub.![]()