LEQAL XƏBƏR məlumat verir ki, Gəncədə avtomobil alqı-satqısı adı ilə dələduzluq edən şəxs barəsində məhkəmə hökmü çıxarılıb.
Məhkəmə materiallarına əsasən, təqsirləndirilən şəxs özünə məxsus olmayan “Hyundai Sonata” markalı avtomobili satmaq adı ilə tanışını aldadaraq ondan 2 650 manat pul alıb. Sonradan məlum olub ki, avtomobil icarəyə götürülüb və əldə edilən vəsait şəxsi ehtiyaclara xərclənib.
Araşdırmalar zamanı onun başqa bir dələduzluq əməli də törətdiyi müəyyən edilib. Belə ki, internetdə satışa çıxarılan “Hyundai Tucson” markalı avtomobili almaq istədiyini bildirən şəxs pulunun bir hissəsinin çatışmadığını, qalan məbləği isə qayınanasından alacağını deyərək avtomobil sahibini nəqliyyat vasitəsini lombarda girov qoymağa razı salıb.
Zərərçəkmiş avtomobili girov qoyaraq 10 min manat əldə edib. Təqsirləndirilən şəxs isə pulu aldıqdan sonra binanın ehtiyat çıxışından istifadə edərək hadisə yerindən qaçıb və vəsaiti mənimsəyib.
Beləliklə, iki ayrı epizod üzrə zərərçəkmişlərə ümumilikdə 12 min 650 manat maddi ziyan vurulduğu müəyyən edilib.
Məhkəmənin hökmü ilə o, 1 il 9 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Həbsdə və ev dustaqlığında keçirdiyi müddət nəzərə alınaraq, üzərində qəti olaraq 1 il 3 ay 6 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.