LEQAL XƏBƏR məlumat verir ki, Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə 150 balla qəbul mümkün olan ixtisasların sayının artırıldığını açıqlayıb.
Onun sözlərinə görə, ali təhsil müəssisələrinə qəbul qaydalarına əsasən, 150 ballıq nəticə ilə ödənişli əsaslarla ayrılmış yerlərin müsabiqəsində iştirak etmək mümkündür. Dövlət sifarişi əsasında ayrılmış yerlər üçün isə abituriyentin ümumi balı minimum 200, imtahanın ikinci mərhələsi üzrə nəticəsi isə ən azı 100 bal olmalıdır.
Məleykə Abbaszadə bildirib ki, I ixtisas qrupu üzrə meliorasiya mühəndisliyi, texnologiya müəllimliyi və ekologiya mühəndisliyi ilə yanaşı, 2026-cı ildən kompüter mühəndisliyi, informasiya texnologiyaları, qida mühəndisliyi, elektrik və elektronika mühəndisliyi, logistika və nəqliyyat texnologiyaları mühəndisliyi, mexanika mühəndisliyi, radiotexnika və telekommunikasiya mühəndisliyi ixtisasları da 150 ballıq qəbul siyahısına əlavə olunub.
Qeyd olunub ki, aqromühəndislik, aqronomluq, balıqçılıq, meşəçilik, şərabçılıq, torpaqşünaslıq və aqrokimya, yerquruluşu və daşınmaz əmlakın kadastrı, həmçinin zoomühəndislik ixtisaslarında əvvəlki illərdə olduğu kimi həm dövlət sifarişi, həm də ödənişli əsaslarla 150 ballıq müsabiqədə iştirak etmək mümkündür.
DİM sədri əlavə edib ki, II ixtisas qrupu üzrə marketinq, biznesin idarə edilməsi, turizm bələdçiliyi və turizm işinin təşkili ixtisaslarına qəbul üçün 150 bal kifayət edir. Bundan başqa, 2026-cı ildən mühasibat, dövlət və bələdiyyə idarəetməsi, maliyyə, iqtisadiyyat, menecment, beynəlxalq ticarət və logistika, eləcə də nəqliyyatda servis ixtisasları da bu siyahıya daxil edilib.
III ixtisas qrupu üzrə muzey, arxiv işi və abidələrin qorunması, sosial iş və regionşünaslıq ixtisaslarına ödənişli əsaslarla qəbul üçün minimum bal tələbi 150-dir. IV ixtisas qrupu üzrə isə ekologiya ixtisasına ödənişli əsaslarla 150 balla qəbul mümkündür.
Bundan əlavə, bağçılıq və tərəvəzçilik, baytarlıq təbabəti, bitki mühafizəsi, su bioehtiyatları və akvakultura ixtisaslarında həm dövlət sifarişi, həm də ödənişli əsaslarla müsabiqədə iştirak etmək üçün ümumi balın ən azı 150, imtahanın ikinci mərhələsi üzrə nəticənin isə minimum 50 bal olması tələb olunur.![]()