Legal xəbər məlumat verir ki, şəhid övladlarının iştirakı ilə “Yol polisimizlə bir gün” adlı maarifləndirici tədbir təşkil olunub. Tədbirin əsas məqsədi uşaqlarda yol hərəkəti qaydalarına dair biliklərin artırılması, onların təhlükəsizlik mövzusunda məlumatlandırılması və şəhid ailələrinin övladlarına mənəvi dəstəyin göstərilməsi olub.
Tədbir çərçivəsində iştirakçılar yol polisi əməkdaşlarının gündəlik fəaliyyəti ilə yaxından tanış olub, xidmət avtomobillərinə baxış keçirib və yol hərəkətinin təhlükəsizliyi ilə bağlı ətraflı məlumat əldə ediblər. Uşaqlara yol nişanları, piyada davranış qaydaları və nəqliyyatda təhlükəsizlik mövzularında izahlar verilib.