LEQAL XƏBƏR məlumat verir ki, Milli Məclis "Tibbi sığorta haqqında" və "Əlilliyi olan şəxslərin hüquqları haqqında" qanunlara dəyişiklikləri son oxunuşda qəbul edib.
Qəbul edilən dəyişikliklərə əsasən, "Tibbi sığorta haqqında" qanuna icbari tibbi sığorta fondu anlayışı əlavə olunur.
Bununla yanaşı, icbari tibbi sığorta ilə bağlı əməliyyatların müvafiq dövlət orqanının informasiya sistemi vasitəsilə elektron qaydada həyata keçirilməsinin hüquqi əsasları müəyyən edilir.
Yeni qaydalara əsasən, sığortaolunanlara ambulator şəraitdə istifadə olunan dərman vasitələri apteklər tərəfindən həmin informasiya sisteminə ötürülmüş elektron resept əsasında təqdim ediləcək.
Bildirilib ki, dəyişikliklərin qəbulundan sonra icbari tibbi sığorta sahəsində elektron xidmətlərin hüquqi bazası təkmilləşdiriləcək, icbari tibbi sığorta şəhadətnaməsi elektron formada yaradılacaq və ambulator dərman vasitələrinin elektron reseptlə verilməsi qanunvericiliklə tənzimlənəcək.
Eyni zamanda, əlilliyi olan şəxslərin reabilitasiya imkanlarının qiymətləndirilməsi ilə bağlı hüquqi tənzimləmə reabilitasiya xidmətləri sahəsində səlahiyyət bölgüsünə uyğunlaşdırılacaq.
Qanun layihəsi müzakirələrdən sonra son oxunuşda qəbul edilib.![]()