LEQAL XƏBƏR məlumat verir ki, ABŞ-nin Mülki Aviasiya üzrə Federal İdarəsi (FAA) 2026-cı ilin aprelində başladığı xüsusi kampaniya çərçivəsində 2 mindən çox qeymeri aviadispetçer vəzifəsinə işə cəlb edib.
ABŞ-nin nəqliyyat naziri Şon Daffinin sözlərinə görə, oyun platformalarında yayımlanan hədəflənmiş reklamlar və sadələşdirilmiş seçim prosesi sayəsində FAA illik işə qəbul planının 94 faizini yerinə yetirib. Bu göstərici qurum tarixində ən sürətli nəticə hesab olunur.
10-17 aprel tarixlərində “YouTube”, “Fortnite”, “Call of Duty” və digər məşhur oyunlarda yayımlanan reklamlarla başlayan kampaniyanın ilk 24 saatı ərzində FAA-ya 12 min müraciət daxil olub.
Namizədlər üçün əsas tələblər ABŞ vətəndaşlığı, 31 yaşa qədər olmaq və ingilis dilini mükəmməl bilməkdir. Ali təhsil isə məcburi tələb deyil.
Seçim mərhələlərini uğurla keçən namizədlər akademiyada 4-6 aylıq təlim, daha sonra isə iş yerində 1-3 illik təcrübə proqramından keçirlər.
Üçillik fəaliyyətdən sonra aviadispetçerlərin illik əməkhaqqı 155 min dollardan çox ola bilər. Uzaq ərazilərdə işləyənlər üçün əlavə ödənişlər də nəzərdə tutulur.
Rəsmilər bildiriblər ki, məqsəd yalnız “qeymerləri işə götürmək” deyil. Əsas hədəf aktiv oyunçular üçün xarakterik olan çoxşaxəli fəaliyyət, məkan təfəkkürü və sürətli qərarvermə bacarıqlarına malik şəxsləri müəyyənləşdirməkdir.![]()