ABŞ-ın İraqın paytaxtı Bağdadda yerləşən hərbi bazasında dron hücumu nəticəsində yanğın baş verib. Bu barədə İranın Press TV telekanalı məlumat yayıb.
Məlumata görə, hücum ABŞ-a məxsus “Viktoriya” hərbi bazasına edilib. Hadisənin təfərrüatları hələlik açıqlanmayıb.
Bildirilir ki, martın 4-də də İranın pilotsuz uçuş aparatı eyni bazaya zərbə endirib.
Bundan bir gün əvvəl — martın 3-də isə İran Silahlı Qüvvələrinə məxsus dronlar İraqın Ərbil şəhərində yerləşən ABŞ hərbi bazasını hədəfə alıb.
Xatırladaq ki, fevralın 28-də ABŞ İsraillə birlikdə İrana qarşı hərbi əməliyyata başlayıb. Ağ Ev bu addımı Tehranın nüvə proqramından imtina etmək istəməməsi ilə bağlı “səbrin tükənməsi” ilə izah edib.
Buna cavab olaraq İran İsrailə və Yaxın Şərqdə yerləşən ABŞ hərbi bazalarına raket və pilotsuz uçuş aparatları ilə zərbələr endirməyə başlayıb.
Bundan əvvəl İran rəsmiləri ABŞ və İsrailə qarşı müharibəni qələbəyədək davam etdirmək niyyətində olduqlarını bildirmişdilər.
