Ötən gün Bakıdakı 225 nömrəli tam orta ümumtəhsil məktəbində media nümayəndələrinin döyülməsi ilə bağlı baş varən insident araşdırılır.
Leqal Xəbər Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məlumatına əsaslanaraq bildirir ki, məsələ təhsili idarəetmə qurumları tərəfindən nəzarətə götürülüb.
Qeyd olunur ki, hadisənin şahidləri olan pedaqoji kollektivin üzvlərinin, şagirdlərin və valideynlərin iştirakı ilə müvafiq araşdırma aparılacaq, qanunauyğun tədbirlərin görülməsi təmin ediləcək.
"Məsələ ilə bağlı polis orqanları tərəfindən də araşdırma aparılır. Araşdırmanın nəticələrinə uyğun olaraq hüquqi məsuliyyət tədbirləri görüləcək."
İdarədən, həmçinin, bu cür həssas hadisələrlə bağlı məlumatların yayılması zamanı dəqiqlik və məsuliyyət prinsiplərinə riayət edilməsinin, uşaqların qanunvericiliklə nəzərdə tutulmuş anonimliyinin, psixoloji təhlükəsizliyinin və mənafelərinin qorunmasının vacibliyi vurğulanıb.
Qeyd edilib ki, şagirdlərlə müsahibələrin aparılmasına və onların emosional vəziyyətinə mənfi təsir göstərə biləcək digər davranışlara yol verilməməlidir.
Xatırladaq ki, ötən gün adı çəkilən məktəbdə şagird 4-cü mərtəbədən yerə düşərək ölmüşdü. Media nümayəndələri hadisə ilə bağlı məktəbdə çəkiliş etmək istəyirdilər.