Polşanın Mazoviya voyvodalığında yerləşən Vışkuv şəhəri yaxınlığında ibtidai məktəbdə ağır insident baş verib.
Hadisə zamanı məktəbin keçmiş şagirdi təhsil müəssisəsinin binasına daxil olaraq üç nəfərə hücum edib. Nəticədə məktəbin müəllimi, direktoru və 37 yaşlı təmizlikçi qadın müxtəlif dərəcəli xəsarətlər alıb.
Polisin yaydığı məlumata görə, hadisə zamanı məktəbin direktoru hücum edən şəxsi zərərsizləşdirərək onun qarşısını alıb. Daha sonra şübhəli şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
Ağır xəsarət alan təmizlikçi qadının həyatını xilas etmək mümkün olmayıb. Həkimlərin bütün səylərinə baxmayaraq, 37 yaşlı qadın aldığı xəsarətlərdən dünyasını dəyişib.
Yaralanan müəllim xəstəxanaya yerləşdirilib. Digər zərərçəkmiş şəxsin vəziyyətinin kritik olduğu və onun üçün reanimasiya tədbirlərinin həyata keçirildiyi bildirilir.
Hadisənin motivləri və hücumun hansı səbəbdən baş verdiyi araşdırılır. Polşa hüquq-mühafizə orqanları insidentlə bağlı araşdırmanı davam etdirir.