LEQAL XƏBƏR məlumat verir ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq edən sürücü saxlanılıb.
Məlumata görə, “Khazar” markalı, 77-GQ-602 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Eltun Həşimov digər hərəkət iştirakçılarının həyat və sağlamlığı üçün real təhlükə yaradıb.
Sənədlərin yoxlanılması zamanı sürücünün davranışları şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin olunub. Müayinə nəticəsində Eltun Həşimovun narkotik vasitə qəbul etdiyi müəyyən edilib.
Barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib olunaraq iş məhkəməyə göndərilib.
Məhkəmənin qərarına əsasən, sürücünün nəqliyyat vasitəsini idarəetmə hüququ 1 il müddətinə məhdudlaşdırılıb və o, 25 sutka inzibati qaydada həbs edilib.