LEQAL XƏBƏR məlumat verir ki, Ermənistanın “ArmLur.am” media resursu və “Joxovurd” qəzetinin yaydığı məlumata əsasən, oktyabrın 1-də Şəki kəndi ərazisində Ermənistan sərhədini keçən Azərbaycan hərbi qulluqçusu Nəsimi Musayevin saxlanılma anına aid görüntülər yayımlanıb.
Kadrlarda hüquq-mühafizə orqanlarının Nəsimi Musayevi yerli sakinlərdən birinə məxsus mal-qara tövləsindən çıxararaq saxlaması əks olunub.
“Joxovurd” qəzetinin məlumatına görə, Nəsimi Musayev ifadəsində yerli sakinin evinə daxil olarkən heç kimə zərər vermək niyyətində olmadığını bildirib. O, evdəkilərdən onu buraxmalarını xahiş etdiyini, ev sahibinin silahın lüləsindən tutmağa çalışdığı zaman təsadüfən atəş açıldığını iddia edib. Hərbi qulluqçunun sözlərinə görə, hadisədən sonra ev sakinləri ona hücum edib, bıçaqla xəsarət yetirib və döyüblər.
Xəstəxanada müalicə alan kənd sakini Ani Avetisyan isə fərqli açıqlama verib. O, hərbçinin silahı uşaqlara tərəf yönəltdiyini, uşaqları qorumaq üçün silahı tutmağa çalışarkən əlindən və ayağından yaralandığını iddia edib.
Hazırda faktla bağlı Ermənistan İstintaq Komitəsində araşdırma aparılır. Nəsimi Musayev həbsdə saxlanılır. İstintaqın digər təfərrüatları açıqlanmayıb.