Özəl məhkəmə ekspertləri üçün yeni intizam qaydaları müəyyənləşir – cərimə və şəhadətnamənin ləğvi gündəmdə
Azərbaycanda özəl məhkəmə ekspertlərinin fəaliyyətinə nəzarətin gücləndirilməsi və onların məsuliyyətinin müəyyənləşdirilməsi ilə bağlı yeni hüquqi mexanizm təklif olunur.
LeqalXəbər xəbər verir ki, bununla bağlı müddəalar Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında müzakirəyə çıxarılan “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanuna təklif edilən dəyişikliklərdə əksini tapıb.
Layihəyə əsasən, özəl məhkəmə eksperti fəaliyyəti ilə bağlı normativ hüquqi aktların tələblərini və ya icra intizamını pozduğu halda onun barəsində intizam icraatının aparılması mümkün olacaq.
İntizam icraatının İntizam Komissiyası tərəfindən həyata keçirilməsi nəzərdə tutulur. Komissiyanın yekun rəyi əsasında intizam tənbehinin tətbiqi barədə qərarı müvafiq icra hakimiyyəti orqanı qəbul edəcək.
Hansı hallarda intizam icraatı başlanacaq?
Özəl məhkəmə eksperti barəsində intizam icraatının müvafiq icra hakimiyyəti orqanının və ya Palatanın təqdimatı əsasında başlanması təklif edilir. Təqdimatlara baxılması və intizam icraatının aparılması qaydaları isə ayrıca müəyyənləşdiriləcək.
İntizam Komissiyasının tərkibi, onun formalaşdırılması qaydası və fəaliyyətini tənzimləyən əsasnamə də müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiqlənəcək.
Ekspertin intizam icraatı zamanı yazılı izahat verməkdən, eləcə də zəruri məlumat və sənədləri təqdim etməkdən imtina etməsi intizam tənbehinin tətbiqinə mane olmayacaq.
Özəl məhkəmə ekspertlərini hansı cəzalar gözləyə bilər?
Qanun layihəsinə əsasən, pozuntunun ağırlıq dərəcəsindən asılı olaraq özəl məhkəmə ekspertinə üç növ intizam tənbehindən biri tətbiq edilə bilər:
-
töhmət;
-
1 000 manatdan 2 000 manatadək cərimə;
-
özəl məhkəmə eksperti şəhadətnaməsinin ləğvi.
Cərimə şəklində tətbiq olunan vəsaitin qanunvericilikdə nəzərdə tutulan məqsədlər üçün Palatanın bank hesabına köçürülməsi nəzərdə tutulur.
İntizam tənbehinin müddəti də müəyyənləşdirilir
Layihəyə görə, intizam tənbehi pozuntu aşkar edildiyi gündən bir il, pozuntunun törədildiyi gündən isə iki il keçənədək tətbiq edilə bilər.
Ekspertin məzuniyyətdə və ya ezamiyyətdə olduğu, əmək qabiliyyətini müvəqqəti itirdiyi, həmçinin barəsində yoxlama və ya cinayət işi üzrə istintaq aparıldığı müddətlər bu hesablamaya daxil edilməyəcək.
Töhmətin qüvvədə olma müddəti isə onun tətbiq edildiyi gündən etibarən bir il müəyyən edilir.
Qərarın qəbulundan sonra intizam tənbehi barədə sənəd üç iş günü ərzində özəl məhkəmə ekspertinə elan olunmalı və onun surəti təqdim edilməlidir. Ekspert həmin qərardan həm inzibati qaydada, həm də məhkəməyə şikayət verə biləcək.
Bundan başqa, hər bir pozuntu halında dərhal intizam tənbehi tətbiq edilməsi məcburi olmayacaq. Ekspertə yazılı və ya şifahi şəkildə xəbərdarlıq edilə bilər. Qanun layihəsinə əsasən, xəbərdarlıq intizam tənbehi hesab edilməyəcək.![]()