LEQAL XƏBƏR məlumat verir ki, Saatlı rayonunda çoban işləyən şəxs 700 min manatdan çox vəsaiti mənimsəməkdə ittiham olunaraq həbs edilib.
Məlumata görə, Dədə Qorqud kənd sakini Nahid Təhməzov fermer Kamal Kərimova məxsus 2 mindən çox xırdabuynuzlu heyvanı gizli şəkildə sataraq əldə etdiyi pulu şəxsi ehtiyaclarına sərf edib.
Araşdırmalar zamanı fermerə dəyən ziyanın 700 min manatdan çox olduğu müəyyən edilib. Məbləğ qoyun, quzu və keçilərin çəkisi, eləcə də ətin bazar qiyməti nəzərə alınmaqla hesablanıb.
Sahibkarın müraciətindən sonra Nahid Təhməzov barəsində cinayət işi başlanılıb və o, həbs olunub.
Təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə ittiham irəli sürülüb. Təqsiri məhkəmədə sübuta yetirilərsə, onu 10 ildən 14 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir./