LEQAL XƏBƏR məlumat verir ki, Qusar rayonunda həmkəndlilər arasında baş verən dava ağır xəsarətlə nəticələnib.
Hadisə rayonun Hil kəndində qeydə alınıb. Uzun illər Rusiyada yaşayan və biznes fəaliyyəti ilə məşğul olan 1971-ci il təvəllüdlü İzaməddin Mərdanov (soyadı şərtidir) bir müddət əvvəl Azərbaycana qayıdaraq kənddə təsərrüfat qurub.
Məlumata görə, o, bağ sahəsinə gedərkən yolda həmkəndlisi Tofiqlə qarşılaşıb və onu qonaqlığa dəvət edib. Onlar bağda yemək yeyərək spirtli içki qəbul etdikdən sonra aralarında mübahisə yaranıb.
Mübahisə zamanı İzaməddin əvvəlcə Tofiqi yumruq və təpiklə döyüb, daha sonra isə bağ sahəsində götürdüyü dəmir boru ilə ona ağır zərbələr endirib. Zərbələr nəticəsində Tofiq huşunu itirib, İzaməddin isə hadisə yerindən qaçıb.
Hadisə yerinə gələn polis əməkdaşları yaralını xəstəxanaya çatdırıblar. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində İzaməddin Mərdanov saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin hökmü ilə İ.Mərdanov 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.![]()