Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Çerniqov, Dnepropetrovsk və Xarkov vilayətlərinə endirdiyi zərbələr nəticəsində dörd mülki şəxs həlak olub, 16 nəfər isə yaralanıb.
LEQAL XƏBƏR xəbər verir ki, bu barədə Ukrayna vilayət hərbi administrasiyaları məlumat yayıb.
Məlumata görə, son sutka ərzində Rusiya ordusu reaktiv yaylım atəş sistemləri, raketlər, idarəolunan aviabombalar və müxtəlif tipli pilotsuz uçuş aparatlarından istifadə edərək hücumlar həyata keçirib.
Xarkov Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbov bildirib ki, Xarkov şəhəri və vilayətin daha 18 yaşayış məntəqəsi hücuma məruz qalıb. Hücumlar nəticəsində iki nəfər ölüb, 15 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Çerniqov şəhər şurasının məlumatına görə, Rusiyaya məxsus zərbə dronu şəhərin mərkəzində yerləşən inzibati binaya zərbə endirib. Nəticədə binanın konstruktiv hissələri qismən dağılıb, yanğın baş verib və bir nəfər yaralanıb.
Dnepropetrovsk Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Qanja isə bildirib ki, Rusiya qüvvələri vilayətin iki rayonuna pilotsuz uçuş aparatları ilə on dəfədən çox hücum edib. Zərbələr nəticəsində iki nəfər həyatını itirib, mülki infrastruktura ciddi ziyan dəyib.![]()