LEQAL XƏBƏR məlumat verir ki, Rusiyanın Leninqrad vilayətinin Vsevolojsk rayonunun Novosaratovka kəndində yerləşən "Wildberries" şirkətinin anbarına pilotsuz uçuş aparatının (PUA) hücumu nəticəsində üç nəfər xəsarət alıb.
Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko bildirib ki, PUA-nın düşməsi nəticəsində anbar ərazisində yanğın baş verib. Yaralanan üç nəfərin vəziyyəti orta ağır qiymətləndirilir və onlara xəstəxanada tibbi yardım göstərilir.
Qubernatorun sözlərinə görə, daha bir PUA Kirovsk rayonunun Sinyavino qəsəbəsində yerləşən "Severnaya" quşçuluq fabrikinin anbarlarından birinə düşüb. Hadisə nəticəsində tikilidə konstruksiyalar dağılsa da, xəsarət alan olmayıb.
Bundan əvvəl, iyulun 24-nə keçən gecə Sankt-Peterburq qubernatoru Aleksandr Beqlov şəhərin mülki infrastrukturuna dron hücumu edildiyini açıqlamışdı. Onun sözlərinə görə, zərbə Moskva şosesi istiqamətində yerləşən obyektlərə dəyib.
Aleksandr Drozdenko daha əvvəl verdiyi açıqlamada isə Leninqrad vilayətinin səmasında gecə ərzində 59 pilotsuz uçuş aparatının məhv edildiyini bildirib.
Qeyd olunub ki, Leninqrad vilayətində PUA təhlükəsi Moskva vaxtı ilə saat 01:40-da (Bakı vaxtı ilə 02:40) elan edilib. Daha sonra Sankt-Peterburq sakinlərinə də təhlükə barədə xəbərdarlıq olunub. Pulkovo hava limanında reyslərin qəbulu və yola salınmasına müvəqqəti məhdudiyyətlər tətbiq edilib.![]()