Leqal Xəbər məlumat verir ki, ABŞ Prezidenti Donald Tramp Aleksandr Aldeni Azərbaycanda səfir vəzifəsinə namizəd irəli sürüb.
Aleksandr Alden 2020-ci ilin dekabrından ABŞ Dövlət Departamentinin Münaqişələr və Sabitləşdirmə Əməliyyatları Bürosunda dövlət katibinin köməkçisi vəzifəsini icra edir. Bundan əvvəl isə Avropa və Avrasiya məsələləri üzrə müxtəlif mühüm vəzifələrdə çalışıb.
O, həmçinin ABŞ Milli Təhlükəsizlik Şurasında inkişaf etməkdə olan texnologiyalar üzrə baş direktor, müdafiə siyasəti və strategiyası üzrə direktor, eləcə də Müdafiə Nazirliyi Aparatında xüsusi köməkçi kimi fəaliyyət göstərib.
Alden dövlət qulluğundan başqa, analitik və tədqiqatçı kimi də tanınır. O, milli təhlükəsizlik və beynəlxalq münasibətlər sahəsində müxtəlif qurumlarda rəhbər vəzifələrdə işləyib, strateji araşdırmalar aparıb.
Siyasi və diplomatik sahədə geniş təcrübəyə malik olan Aleksandr Aldenin namizədliyi təsdiqlənəcəyi təqdirdə, o, ABŞ-ın Azərbaycandakı yeni səfiri olacaq.