LEQAL XƏBƏR məlumat verir ki, Dövlət Gömrük Komitəsi süni intellekt texnologiyalarından istifadə etməklə saxta məhsulların aşkarlanması prosesini həyata keçirir.
Bu barədə Dövlət Gömrük Komitəsinin idarə rəisi Ələkbər Heydərov "Təhlükəsiz mobilliyə doğru" konfransında məlumat verib.
Onun sözlərinə görə, risk idarəetmə sistemində malların mənşə ölkəsi, dəyəri və digər risk göstəriciləri təhlil olunur.
"Orijinal məhsulun konkret ölkədən gətirilməsi, qeyri-orijinal məhsulun isə fərqli ölkədən idxal olunması, eləcə də qiymət və dəyər parametrləri risk idarəetmə sistemində qiymətləndirilir. Bu məlumatlar süni intellekt vasitələri ilə analiz olunur", – deyə Ə.Heydərov bildirib.
O əlavə edib ki, kontrafakt məhsulların aşkarlanmasında gömrük əməkdaşlarının peşəkarlığı da mühüm rol oynayır. Əmtəə nişanlarının gömrük reyestrinə daxil edilməsi isə nəzarətin daha effektiv həyata keçirilməsinə əlavə imkan yaradır.![]()