LEQAL XƏBƏR məlumat verir ki, Suriyada uzun illərdən sonra beynəlxalq ödəniş sistemlərindən istifadəyə yenidən başlanılıb.
Məlumata görə, Suriya Prezidenti Əhməd əş-Şaraa paytaxt Dəməşqdə yerləşən restoranda hesabı “Visa” kartı ilə ödəyib.
Əş-Şaraa Suriya Mərkəzi Bankının rəhbəri Məhəmməd Sufvat Raslanla birlikdə restoranda qəhvə içib. Ölkənin uzun müddət qlobal maliyyə sistemindən təcrid olunmasından sonra ödənişin nağd deyil, beynəlxalq bank kartı ilə həyata keçirilməsi simvolik addım kimi qiymətləndirilib.
“Visa” şirkəti də Suriya Mərkəzi Bankı, “Fransabank” və “Paymera” ilə əməkdaşlıq çərçivəsində ölkədə beynəlxalq kart əməliyyatlarının uğurla sınaqdan keçirildiyini açıqlayıb.
Şirkətin məlumatına görə, bu yenilik Suriyada rəqəmsal ödəniş imkanlarının genişləndirilməsi və ölkənin qlobal rəqəmsal iqtisadiyyata yenidən inteqrasiyası baxımından mühüm əhəmiyyət daşıyır.
Bu proses ABŞ-nin Suriyaya qarşı sanksiya siyasətində etdiyi dəyişikliklərdən sonra baş verib. ABŞ Dövlət Departamenti Suriyanı “Terrorizmi dəstəkləyən dövlətlər” siyahısından çıxarıb.
ABŞ Maliyyə Nazirliyi də Suriyanın artıq müəyyən sanksiya rejimləri çərçivəsində məhdudiyyətlərə məruz qalmadığını bildirib.
Qeyd edək ki, Suriya 1979-cu ildən ABŞ-nin sanksiya siyahısında yer alırdı. Sanksiyaların yumşaldılmasından sonra beynəlxalq ödəniş sistemlərinin ölkədə yenidən istifadəyə verilməsi diqqət çəkən hadisə kimi qiymətləndirilir.