LEQAL XƏBƏR xəbər verir ki, bu barədə Praqa Polis İdarəsinin mətbuat katibi Rixard Hrdina məlumat verib.
Onun sözlərinə görə, hadisə iyulun 16-da axşam saatlarında tibb institutunun yataqxanasında baş verib. Səbəbi hələlik məlum olmayan, balta və bıçaqla silahlanmış şəxs yataqxanada iki nəfərə hücum edib.
Bildirilib ki, hadisənin bütün iştirakçıları həmin tibb institutunda çalışan sanitarlar olub.
Polisin məlumatına əsasən, zərərçəkənlərin hər ikisi Çexiya vətəndaşıdır. Ağır xəsarət alan şəxslərdən biri xəstəxanada həyatını itirib.
Rixard Hrdina qeyd edib ki, hadisə yerinə dərhal polis əməkdaşları cəlb olunub. Hücum edən şəxs saxlanılarkən polisə müqavimət göstərdiyi üçün hüquq-mühafizə orqanlarının əməkdaşları xidməti silahdan istifadə edərək onu zərərsizləşdiriblər.
Faktla bağlı araşdırma aparılır, hücumun motivi hələlik açıqlanmayıb.![]()