Bakıda uzun müddət birlikdə yaşadığı qadına qarşı zorakılıq törətməkdə təqsirləndirilən şəxsin məhkəmə prosesi başa çatıb.
Leqalxeber.az xəbər verir ki, 37 yaşlı Elçin Qəmbərov (şərti ad) təxminən iki il ərzində birgə yaşadığı sevgilisi Günaya (şərti ad) qarşı fiziki zorakılıq göstərməkdə ittiham olunub.
İttihama əsasən, hadisələrdən biri qadının Elçinin razılığı olmadan ad günü məclisinə getməsi ilə bağlı olub. Bildirilir ki, bundan sonra təqsirləndirilən şəxs sevgilisini döyərək onun baş və bədəninin müxtəlif nahiyələrinə çoxsaylı zərbələr endirib.
İttihamda həmçinin qeyd olunur ki, Elçin Qəmbərov qadının əllərinə və bud nahiyəsinə dəmir tava ilə zərbələr vuraraq ona fiziki işgəncə verib.
Hadisə ilə bağlı araşdırma başladıldıqdan sonra Elçin Qəmbərov polis əməkdaşları tərəfindən saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb.
Məhkəmədə ittihamı qəbul etməyib
Məhkəmə iclasında təqsirləndirilən şəxs ona qarşı irəli sürülən ittihamları qəbul etməyib. O, sevgilisinə işgəncə vermədiyini və özünü təqsirli bilmədiyini bildirib.
Zərərçəkmiş qadın isə məhkəmədə Elçin Qəmbərovdan şikayətçi olmadığını deyib. O, sevgilisi ilə bir-birlərini sevdiklərini və onu bağışladığını bildirib.
Günayın sözlərinə görə, hər ikisi daha əvvəl ailə həyatı qurub və sonradan ayrılıb. Onların hər birinin iki övladı var. Qadın bildirib ki, münasibətlərinə baxmayaraq, ailələri onların evlənməsinə razı olmayıb.
Zərərçəkmiş həmçinin məhz ailəsinin təkidi ilə polisə müraciət etdiyini və sonradan Elçin Qəmbərova qarşı şikayətinin olmadığını qeyd edib.
Məhkəmənin hökmü
Məhkəmə araşdırması zamanı iş üzrə toplanmış sübutlar və tərəflərin ifadələri qiymətləndirilib.
Sonda məhkəmənin hökmü ilə Elçin Qəmbərov 1 il 7 ay 26 gün müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, məhkəmə hökmü qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsindəki ittihamlar hüquqi baxımdan onun təqsirləndirilməsi kimi qiymətləndirilir.![]()