Ermənistan İstintaq Komitəsi Gümrü şəhərində yerləşən “Qara qala” tarixi abidəsinin keçmiş müdafiə naziri Serj Sarkisyanın dövründə özgəninkiləşdirilməsi ilə bağlı cinayət işi üzrə ibtidai istintaqın başa çatdığını açıqlayıb.
LEQAL XƏBƏR xəbər verir ki, bu barədə komitənin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, istintaq zamanı müəyyən olunub ki, Serj Sarkisyan 2005-ci il mayın 11-də daşınmaz əmlakın alqı-satqısı müqaviləsi əsasında respublika əhəmiyyətli tarix və mədəniyyət abidəsi olan “Qara qala”nın fiziki şəxsə birbaşa satışını təşkil edib.
Məlumata görə, sahəsi 626,45 kvadratmetr olan qala və onun istifadəsi üçün nəzərdə tutulan 0,7 hektarlıq torpaq sahəsi 22 milyon 951 min 500 drama satılıb.
İstintaq Komitəsinin məlumatına əsasən, bu addımlar nəticəsində dövlətin qanuni maraqlarına əhəmiyyətli zərər vurulub və ehtiyatsızlıqdan ağır nəticələr yaranıb. Belə ki, dövlət respublika əhəmiyyətli tarixi-mədəni irs nümunəsi üzərində mülkiyyət hüququnu itirib.
Həmçinin bildirilib ki, “Qara qala” Ermənistan hökumətinin 15 mart 2007-ci il tarixli qərarı ilə təsdiqlənmiş, dövlət mülkiyyətində saxlanılması və özgəninkiləşdirilməsi qadağan edilən daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına daxil edilməyib.
İbtidai istintaq zamanı prokurorun qərarı ilə Serj Sarkisyan barəsində Ermənistan Cinayət Məcəlləsinin 441-ci maddəsinin 2-ci hissəsinin 5-ci bəndi ilə cinayət təqibi başlanıb.
Cinayət işi ittiham aktı ilə birlikdə baxılması üçün prokurorluğa göndərilib.![]()