LEQAL XƏBƏR erməni mediasına istinadən xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin 2031-ci ilə qədər imzalanmasını və ratifikasiyasını Ermənistan hökumətinin əsas hədəflərindən biri kimi açıqlayıb.
Paşinyan bu barədə hökumətin iclasında danışıb. O bildirib ki, Azərbaycanla sülh sazişinin imzalanması həm hökumət, həm də şəxsən onun üçün ən vacib məsələlərdən biridir.
Baş nazir özünə konkret vaxt çərçivəsi müəyyənləşdirdiyini və 2031-ci ilə qədər məsələnin həllinə nail olmağı qarşısına məqsəd qoyduğunu söyləyib.
Paşinyan əlavə edib ki, bu mövzunu gündəmə gətirməsinin səbəbi belə bir imkanın mövcudluğunu görməsidir.
Xatırladaq ki, 2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ Prezidenti Donald Trampın iştirakı ilə sülh nizamlanması və nəqliyyat kommunikasiyalarının yaradılması ilə bağlı birgə bəyannamə imzalayıblar. Sənəddə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyat əlaqəsinin yaradılması da nəzərdə tutulur. Layihə “Beynəlxalq sülh və rifah naminə Tramp marşrutu” (TRIPP) adlandırılıb.![]()