Leqal xəbər məlumat verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan “Facebook” səhifəsində diqqətçəkən video yayımlayıb. O, paylaşımına “18+3+3” rəqəmlərini əlavə edib.
Video görüntüdə baş nazir telefon vasitəsilə erməni dilində danışır. Söhbət zamanı Paşinyan bəzi şəxsləri “xalqa vermək” barədə qərar qəbul etdiyini bildirir.
“Yox, qardaş, düzünü desəm, o üç nəfəri sənə göndərə bilmərəm, çünki qərara gəlmişəm ki, onları xalqa verim. O biri üç nəfəri də xalqa vermək fikrim var. Qalan 18 nəfəri də həmçinin xalqa verəcəyəm. Ümumiyyətlə, onlar əllərində olan göndərişlə yoldadırlar”, – deyə o vurğulayıb.
Baş nazirin bu fikirlərlə konkret kimləri nəzərdə tutduğu və söhbətin detalları açıqlanmayıb. Məsələ ilə bağlı rəsmi qurumlar tərəfindən əlavə məlumat verilməyib.
